FEDERİKO QARSİA LORKA.
GİTARA Sübhün piyaləsin
vuraraq yerə
gitara başlayıb
öz naləsinə.
Çətin ki, ovuna,
uda səsini,
əbəsdir söyləmək
«sus» kəlməsini.
Yeknəsək, yanğılı
inləməsində
axar su harayı
dinir səsində.
Dəli külək kimi
gəlib fəryada,
o, şərqi söyləyir
bəyaz qara da.
Uzaq səadəti səsləyir
bu səs,
onu yalvarışlar
susdura bilməz.
Qızmar səhraların
qumsal döşündə,
ağ çiçək bitirmək
həvəsidir bu.
Tarıma çəkilmiş yaydan
sıçrayan,
hədəfsiz bir oxun
həsrətidir bu.
Qürubun sübh üçün
hıçqırtısıdır,
bu səs quşcığazın son nəfəsində,
həyata əbədi əlvidasıdır.
Ah, yazıq gitara, lənətlənərək
beş iti xəncərlə doğranan ürək.
E-mənbə:
http://medeniyyet.az/site/?name=content&content=2749
ANTONİO MAÇADO
RƏVAYƏT Bir oğlan var idi, yuxularına
Hər gecə ağ yallı bir at girərdi.
Uşaq gözlərini açdığı anda
O at yuxusundan gen çəkilərdi.
Yenə qayıdardı yuxularına,
Ağ atın belindən möhkəm yapışmış.
«İndi əlimdəsən, qaça bilməzsən»,
Ayıldı, yumruğu sıxılı qalmış.
Bir az fikrə getdi, qəmləndi oğlan,
Nə yal var əlində, nə mindiyi at.
Bildi gördükləri bir yuxu imiş,
Həqiqi deyilmiş o ağ yallı at.
Bir daha dönmədi yuxularına,
Aylar, illər ötdü-böyüdü oğlan
Sevgiylə rastlaşdı, bu ilk görüşdə,
Soruşdu: Doğrusan yoxsa ki, yalan?
Haxlandı illərin qovha-qovunda,
O uşaq, o cavan bir gün qocaldı.
«Hər şey yuxu imiş, hər şey həyatda»,
Söyləyib bu qoca xəyala daldı.
Bir gün, ölüm çıxdı yolunun üstə,
Qocasa ölümü tanımamışdı.
«Sən bəlkə yuxusan?» - soruşduğu an,
Kim bilir, bəlkə də ayılmamışdı.
İspancadan çevirən: Jalə